XƏBƏRLƏR
Daha öncədən məlumat verdiyimiz kimi, qiymətli kağızlar bazarı böyük şirkətlərə gəlir qazanmaqla yanaşı, borc və kapital cəlb etmək üçün də əlverişli imkanlar yaradır. Belə ki, nüfuzlu şirkətlər istiqraz buraxmaqla (emissiya etməklə) lazımi həcmdə borc vəsait, səhm emissiya etməklə isə ehtiyacı olan kapitalı asanlıqla əldə edə bilərlər. Qeyd edək ki, səhmlərin İlkin Kütləvi Təklif (İPO) edilməsi nəticəsində həm də şirkətlərin qiymətli kağızlar bazarında real dəyəri formalaşmış olur.
Bəs qiymətli kağızları hansı üsullarla yerləşdirmək olar?
Mövcud qanunvericiliyə görə şirkətlər öz qiymətli kağızlarını ilkin bazarda iki yolla yerləşdirə bilərlər:
Kütləvi təklif yolu ilə
Qapalı yerləşdirmə yolu ilə
Sadə dillə desək, şirkətlər qiymətli kağızlarını ya bütün ictimaiyyətə bildirərək (məsələn, SOCAR istiqrazlarının yerləşdirilməsi) kütləvi təklif yolu ilə, ya da əvvəlcədən razılaşdırılmış bir neçə investora (sayı 50-dən az olmaq şərtilə) təklif edərək qapalı yerləşdirmə yolu ilə sata bilər. Qeyd edək ki, Kütləvi təklif üsulu ilə yerləşdirmə yalnız birjada, Qapalı yerləşdirmə isə adətən birjadankənar, bəzi şərtlər daxilində isə birjada həyata keçirilə bilər. Bu baxımdan hər iki yerləşdirmə üsulunun özünəməxsus xüsusiyyətləri, şərtləri, üstün və zəif cəhətləri mövcuddur.
Kütləvi təklif üsulu ilə yerləşdirmə
Kütləvi təklif üsulu ilə yerləşdirmənin ilk növbədə aşağıdakı üstünlükləri mövcuddur:
Yeni və daha geniş investor bazası
Şəffaf qiymətlə qiymətli kağızların və şirkətin real bazar dəyərinin formalaşması
Qiymətli kağızlar üzrə likvidliyin artması
Emitent şirkət üçün müsbət korporativ reputasiya
Qapalı yerləşdirmə
Qapalı yerləşdirmənin ilk növbədə şirkətlər üçün aşağıdakı üstünlükləri mövcuddur:
Tələb olunan sənədlərin nisbətən azlığı
Yerləşdirmə prosesinə nisbətən az zaman sərf olunması
Məlumatların ictimaiyyətə açıqlanmasına ehtiyac olmaması
Lakin xüsusilə qeyd etmək lazımdır ki, qiymətli kağızlarını Qapalı yerləşdirən emitent şirkətlər Kütləvi təklif üsulu ilə yerləşdirmənin yaratdığı imkanlardan məhrum olmuş olur.
Qiymətli kağızların emissiyası barədə daha dolğun məlumatı həmçinin İnvestisiya şirkətlərinə, Listinq Məsləhət Proqramına (LMP) və yaxud Assosiasiyamıza müraciət etməklə də əldə edə bilərsiniz.
AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI
Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.
ƏTRAFLI
RENKİNQ
Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.
ƏTRAFLI