İletişim



“Qiymətli kağızlar bazarı” haqqında Qanunun ictimaiyyətə 

açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilmişdir



06 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə “Boulevard Hotel Baku” mehmanxanasında “Qiymətli kağızlar bazarı haqqında” Qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə qiymətli kağızlar bazarı üzrə dövlət siyasətini formalaşdıran QKDK-nın rəhbər vəzifəli şəxsləri, bu sahədə çalışan peşəkarlar, ölkənin bank və maliyyə sektoru üzrə ixtisaslaşmış dövlət və özəl qurumları, maliyyə vasitəçiləri, həmçinin  Dünya Bankı başda olmaqla, aparıcı beynəlxalq donor təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdirlər.

Tədbir iştirakçılarını salamlayan QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf tarixinə nəzər yetirərək, iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar dalğasının qiymətli kağızlar sahəsindən də yan keçmədiyini və bu seqmentin tərəqqisinə yönəlmiş ardıcıl və düşünülmüş addımların sözügedən sferada dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyinin bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. İ.Muradov qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsinə töhfə vermək məqsədilə kompleks tədbirləri nəzərdə tutan “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrasının uğurla davam etdiyini və bu çərçivədə 14 iyul 2015-ci il tarixindən qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” Qanunun bazar risklərinin etibarlı idarə edilməsi üçün zəruri mexanizmlərin formalaşmasına xidmət edəcəyini vurğulamışdır.

Daha sonra Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina QKDK-nın Dünya Bankı ilə birgə həyata keçirdiyi Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin Azərbaycan qiymətli kağızlar bazarında aparılan islahatların dinamizminin yüksəlməsinə xidmət etdiyini bildirmişdir. A.Priqojina beynəlxalq təcrübədən yararlanmaqla hazırlanmış qiymətli kağızlar qanunvericiliyinin bazarda səmərəliliyin və keyfiyyətin yüksəldilməsinə yeni imkanlar açacağına əminlik ifadə etmiş və təmsil etdiyi qurumun QKDK ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu qeyd etdi.

Tədbirdə həmçinin“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Ceyhun İbrahimov “Yeni hüquqi mühitdə maliyyə vasitəçiliyi”mövzusunda,  Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov isə  “Qiymətli Kağızlar Bazarı haqqında qanunun ticarət infrastrukturuna təsiri” mövzusunda çıxış etdilər.  Yeni qanunun qəbulu ilə əlaqədar olaraq qiymətli kağızlar bazarında yeni hüquqi mühitin formalaşacağını bildirən Assosiasiyamızın İdarə Heyətinin sədri Ceyhun İbrahimov qəbul edilmiş mütərəqqi qanunun həm maliyyə vasitəçiləri, həm emitentlər, həm də investorlar üçün yaradacağı imkanlar barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov isə yeni qanuna əsasən qiymətli kağızlarla əməliyyat infrastrukturunda və bununla əlaqədar edilmiş digər dəyişikliklərlə bağlı təqdimat keçirdi.

Daha sonra QKDK-nın Hüquq şöbəsinin müdiri Kamran Babayev “Qiymətli kağızlar bazarı haqqında” Qanunun təqdimatını etdi. Təqdimat zamanı qəbul olunmuş qanunda bazar iştirakçılarına münasibətdə müəyyən edilən bir sıra yeni tələblər, investisiya şirkəti anlayışı, investisiya xidmətlərinin təsnifatı ətraflı şəkildə izah olundu.

Sonda tədbir iştirakçılarını və kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.



Image title



İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017